14.01.12 | İdmançı tələbələrin uğurları
Azərbaycanda idman sürətlə inkişaf edir. Dövlət tərəfindən idmanın bütün növlərinə diqqət və qayğı get-gedə artır. Yeni, müasir olimpiya kompleksləri istifadəyə verilir, idman və bədən tərbiyəsi üçün güclü, müasir maddi-texniki baza yaradılır. Dövlət başçısı İlham Əliyevin bütün sahələrdə olduğu kimi, bu sahəyə də göstərdiyi diqqət və qayğıdan ruhlanan idmançılarımız Avropa və dünya çempionatlarında əzmlə mübarizə aparır, Azərbaycan bayrağını ən yüksək zirvələrdə dalğalandırırlar. Atalar yaxşı deyib: “Sağlam bədəndə sağlam ruh olar”.
Bakı Texniki Kollecinin tələbələri də müntəzəm olaraq idmanla məşğul olur və bir çox mötəbər yarışlarda uğurla çıxış edirlər.
Fiziki tərbiyə və idman tədris prosesinin ayrılmaz tərkib hissəsidir. Belə ki, sağlam həyat tərzi həm tədris, həm də əmək prosesində çox mühüm rola malikdir.
2011-ci ildə Texniki Kollecdə idmanın bir çox növləri — futbol, atletika, dama, şahmat, voleybol, stolüstü tennis yarışları təşkil olunmuşdur.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar tələbələr və müəllimlər arasında şahmat yarışı keçirilmişdir.
Qurban Bayramına həsr olunmuş “qol gücü” və Respublika Günü ilə bağlı futbol yarışları keçirilmişdir. Kollecdə artıq bu tədbirlər ənənə halını almışdır.
Bakı Texniki Kollecində paralel qollar, turniklər, kəndirlər, tennis üçün stollar, futbol meydançası, bir sözlə, hər cür idman avadanlıqları quraşdırılmışdır.
Tələbə idmançıların X respublika spartakiadasında Bakı Texniki Kollecinin uğur qazanmasında fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fənn birliyinin sədri, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman ustası” adına layiq görülmüş Aydın Kazımbəyovun xidmətləri xüsusilə təqdirəlayiqdir.
Tələbə idmançıların uğurlarından fərəhlə danışan Aydın müəllim bildirdi ki, kollecin müxtəlif yarışlarda uğur qazanmış idmançı tələbələri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Bu günlərdə “Gənclik” Tələbə İdman Cəmiyyətinin Respublika Şurasının sədri Tofiq Xanəliyevin təşkilatçılığı ilə 2011-ci ilin yekunları ilə əlaqədar orta ixtisas təhsili müəssisələri arasında respublika spartakiadası keçirilmişdir.
Şahmat üzrə təşkil olunmuş yarışlarda kollecin III kurs tələbəsi Şahbaz Nəcəfov və II kurs tələbəsi Elnur Babayev I yerə layiq görülmüşlər.
Dama üzrə yarışda isə kollecin idmançı oğlanları II yerlə kifayətlənmişlər. Tələbə atletlər isə daha əzmlə çalışaraq I yerə layiq görülmüşlər.
Fərəhləndirici haldır ki, kollecdə müəllimlər arasında keçirilmiş şahmat yarışlarında Vidadi Əmikişiyev I yerə, Sahib İsgəndərov II yerə, Qabil Abbasov isə III yerə layiq görülmüşlər.
Bu il Bakı Texniki Kollecinin tələbələri idmanın 6 növü üzrə respublika birinciliyi uğrunda keçiriləcək yarışlara ciddi hazırlaşırlar. Tələbə idmançılarımız beynəlxalq səviyyəli yarışlarda da qüvvələrini sınayacaqlar.
Belə ki, onlar tələbələr arasında təşkil olunan dünya çempionatlarına, türkdilli dövlətlərin tələbələri arasında keçiriləcək yarışlara da qoşulacaqlar.
Rauf İLYASOĞLU,
“Respublika”.